ISLAM DUNYASI Bazar ertesi, 06.05.2024, 15:12
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Mart » 18 » İslam ümmetinin vehdetine doğru.
    18:57
    İslam ümmetinin vehdetine doğru.
    Müasir dünyamızda dinlər, mədəniyyətlər, toplumlar arası dialoq ən aktual problemlərdən hesab edilməkdədir. Bu mövzuda dünyanın müxtəlif nöqtələrində çoxlu sayda konfranslar, seminarlar təşkil edilir, bir çox elmi əsərlər, məqalələr qələmə alınır. Dinlərin, mədəniyyətlərin biri-birlərinə qarşı dözümlülüyə bu qədər ehtiyac hiss etmələrinin bir çox səbəbləri vardır. Belə ki, müxtəlif xalqların və mədəniyyətlərin yaxınlaşması, heç şübhəsiz ki, günümüzün reallığıdır.
        Bu proseslərin fonunda, müxtəlif dinlərin və mədəniyyətlərin bir-biri ilə münasibətdə dialoq və tolerantlığa çağrıldığı bir zamanda birlik və bərabərliyə müsəlmanların daha çox ehtiyacı var. Axı müsəlmanlar arasında da obyektiv və subyektiv səbəblərdən ortaya çıxmış müxtəlif problemlər vardır ki, bunlar da əksər hallarda məzhəbi xarakter daşıyır.
        Məlum olduğu kimi, məzhəblərin formalaşmasının İslam dünyasında yüz illərlə ölçüləcək tarixi vardır. İslamın düşüncəyə verdiyi önəm və İslamdakı ictihad fəaliyyətləri sahəsinin genişliyi müxtəlif xalqlar və coğrafiyalara yayıldığı zaman fərqli məzhəb və cərəyanların ortaya çıxmasına zəmin yaratmışdır. Bu baxımdan məzhəblərin, müxtəlif cərəyanların varlığını təbii bir hal kimi səciyyələndirmək mümkündür. Lakin heç şübhəsiz ki, qeyd etdiyimiz bu səbəb yeganə səbəb deyildir. Zaman-zaman İslami toplumlarda müxtəlif siyasi iradələrin təzahürü də bu və ya digər cərəyanın formalaşmasına və ya həmin cəmiyyətdə möhkəmlənməsinə səbəb olmuşdur.
        Çağdaş zəmanəmizdə İslam dünyasına hakim olan şəraitlə yaxından tanış olan hər kəsə bəllidir ki, hal-hazırda faktiki olaraq «vahid İslam ümməti» anlayışı yalnız sözdə olan şüar kimi səslənməkdə, həqiqətdə isə müsəlman xalqları, müsəlman cəmiyyətləri «ümmətlər» şəklində, parça-parça olub bölünmüş vəziyyətə düşmüşlər. Müsəlman cəmiyyətində həqiqi İslam dəyərlərinin zəifləməsi və mənəvi həyatı bürüyən böhran bütövlükdə cəmiyyətə, onun ayrı-ayrı sahələrinə sirayət etmiş, inkişafının qarşısını almış, hətta tənəzzülə sürükləmişdir. Daxili çəkişmələrdən məharətlə istifadə edən müəyyən dairələr artıq əsrlərdir bu regionu öz caynağı altına almağa imkan əldə etmiş, müsəlman xalqlarını müflis vəziyyətə salmışlar. Bütün bu proseslərdə isə «Parçala, hökm sür!» siyasəti uğurla həyata keçə bilmişdir.
        İslam ümmətinin vəhdəti istiqamətində məzhəblərarası yaxınlaşma, birliyə nail olma ilk növbədə Allah-Təala tərəfindən bizlərə buyrulmuş və İslam dininin müqəddəs Kitabı olan Qurani-Kərimdə təsbit edilmiş bir hökmdür. Allah-Təala buyurur:
        «Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!» (Ənfal, 46).
        «(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini xəbər verəcəkdir!» (Ənam, 159).
        Həqiqətən də, ayələrdə vurğulandığı kimi, tarixin bir dönəmində müsəlmanlar bir-birindən ayrılaraq ixtilaf törədən şəxslərə dönmüş və böyük əzaba düçar olmuşlar. Doğrudan da, onlar bir-birilə çəkişib zəifləmiş və gücdən düşmüşlər. Düşmən də fürsətdən məharətlə istifadə edərək onların, özləri də daxil olmaqla, bütün məmləkətlərini parçalamış və onlar üzərində qələbə çalmağa müvəffəq olmuşdur. Belə bir şəraitdə öz mənəvi dəyərlərinə sadiq olan müsəlmanları heç şübhəsiz ki, bu faciəvi vəziyyət düşündürməyə bilməz.
        Ümumiyyətlə, qeyd etmək lazımdır ki, dinin qarşısına qoyduğu başlıca vəzifələrdən biri də nəinki müsəlmanları, hətta bütövlükdə insanları bir-birinə yaxınlaşdırmaq, onlar arasında qırılmaz mənəvi tellər, mehriban və səmimi ünsiyyət qurmağa şərait yaratmaqdan ibarətdir. İslamın hələ 14 əsr öncə kitab əhlinə – yəhudi və xristianlara müraciət edərək onları dialoqa, qarşılıqlı anlaşma və əməkdaşlığa dəvət etməsi və bunun ilahi vəhylər toplusu olan Qurani-Kərimdə bəyan edilməsi dediyimizə ən bariz sübutdur. Dinimiz hər bir mədəniyyəti insanlığın ümumi prinsipləpinə xidmət etdiyi müddətcə bəşəriyyətin ümumi sərvəti hesab edir və ona hörmətlə yanaşır. Beləliklə, Qurani-Kərim toplumlararası dialoqun ilkin layihəsini bu şəkildə irəli sürmüşdür:
        «De ki, ey Kitab Əhli! Sizinlə bizim aramızda bərabər olan bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!»…» (Ali-İmran, 64).
        İslamın yaxınlaşma və birlik çağırışının qeyri-müsəlmanlara belə ünvanladığı bir halda, müsəlmanların bir-birindən uzaqlaşmasını necə anlamaq olar? Bunları vurğulamaqdan məqsədimiz gözümüz önündə baş verən hadisələrə daha açıq gözlə baxmaq, eləcə də cəmiyyətimizdə müxtəlif məzhəbləri təmsil edən dindarlar arasında yaxınlaşmanın, sıx və səmimi birliyin yaranmasının zərurətini vurğulamaqdır.
        Nə üçün biz məzhəblərarası dialoqun başlamasına və ya bunun gündəmə gəlməsinə çalışır və bu kontekstdə müsəlmanların fəallaşmasının tərəfdarı kimi çıxış edirik? Bizcə, bunun üç əsas səbəbi var:
        1. Artıq yuxarıda da qeyd etdiyimiz kimi, hər şeydən öncə bu bizim dinimizin tələbidir. İlahi vəhylə təsbit olunmuş bu tələbin yerinə yetirilməsi hər birimizin üzərinə düşən ilahi bir vəzifədir.
        2. Məzhəblərarası yaxınlaşma milli birliyimizin tərkib hissəsidir. Azərbaycan bizim hamımızın Vətənidir. Azərbaycan dövləti bizim hamımıza məxsus Allahın neməti, ümumi sərvətimizdir. Bu bir faktdır ki, İslam dini biz azərbaycanlıları bir millət kimi formalaşdıran, özünəməxsus edən əsas ünsürlərdən olmuşdur. Mənəvi dəyərlərimiz, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, təfəkkür tərzimiz, hətta musiqimiz belə həmişə ondan təsirlənmişdir. Bir sözlə, tariximizi, mədəniyyətimizi, bütövlükdə milli varlığımızı İslamdan ayrı təsəvvür etmək qeyri-mümkündür. Belə ki, hər bir millət kimi, biz azərbaycanlıları da tarix və mədəniyyətimizdən ayrı təsəvvür etmək mümkün deyil. Əlbəttə, bu zaman mömin vətəndaşların bir-birinə arxa çevirmiş vəziyyətdə olması milli birliyin bərqərar olmasına, vətəndaş birliyinə kölgə salacaq amildir. Qurani-Kərimdə «Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizlə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən, O sizi oradan xilas etdi.» (Ali-İmran, 103) buyurulmaqla dinin cəmiyyəti birləşdirici, qardaşlaşdırıcı missiyasına işarə edilməkdədir. Din - birləşdirici faktordur! Onu parçalanma üçün vasitə etmək Allah qarşısında ən böyük günahlardandır.
        Azərbaycanımızın və ümumilikdə İslamın düşmənləri çox hiyləgər və məkrlidirlər. Bizlər daim nəzərə almalıyıq ki, möminlərin məzhəbçilik təəssübü və bir-birinə arxa çevirməkdə israrı onlar üçün lazım gəldiyi an istifadə edəcəkləri vasitədir. Bu cəhətdən məzhəblərarası dialoqsuzluq təkcə möminlərin deyil, bütövlükdə cəmiyyətin problemidir. Bu gün cəmiyyətimizdə məzhəbi problemin qabarıq nəzərə çarpmaması heç kimi rahatlatmamalıdır. Anti-İslam və anti-Azərbaycan dairələrinin bu yöndə fəaliyyətdə olan institutları və onların təcrübələri belə münaqişələri törətməkdə mahirdirlər. Bu gün birliyə doğru atacağımız addım, bir-birimizi dinləmə və ən əsası birgə fəaliyyət üçün qəbul etmə belə niyyətlərin qarşısını alacaq ən böyük addımdır.
        Dinimizin millətin köksündə əsrlərlə ölçüləcək dərinliklərə işləmiş köklərini çıxarıb atmaq qeyri-mümkündür. Bəli, möminlər toplumun islahediciləri olaraq bir çox problemlərin həllində ön sıralarda yer almalıdırlar. Bu gün irəli sürdüyümüz bu yaxınlaşma çağırışı o günlərə doğru atılmış bir addımdır.
        3. Müsəlmanların qlobal vəziyyəti. Müxtəlif məzhəbləri təmsil edən müsəlmanlar heç şübhəsiz bu ümmətin ayrılmaz bir parçasıdırlar. Beynəlxalq aləmdə baş verən və əsasən İslam dünyası üzərində cərəyan edən hadisələrin bizlərə də təsiri vardır. Çünki bu proseslər tək bir millətə və ya coğrafi məkana deyil, bütöv bir mədəniyyətə ünvanlanmışdır. Bu gün milliyyətçilik də, kommunizm də, digər idiologiyalar da müasir texnologiyalara malik olan hegemon qüvvələrlə mübarizədə sıradan çıxıb, çökmüşlər. Onlar artıq mübarizəni dayandırmışlar. İndi isə məqsədyönlü şəkildə hər bir vəchlə qarşılarında maneə kimi səciyyələndirdikləri müqəddəs, saf, humanist və ülvi dinimizi qaralamaqda, onun haqda mənfi imic formalaşdırmaqda, fanatizm və terrorla eyniləşdirməkdədirlər. Ümmət olaraq üzərimizə yeriyən, torpaqlarımızı işğal edən, yeraltı və yerüstü təbii sərvətlərimizi talayıb aparan, mədəniyyətimizi alt-üst etməyə çalışan şər maşınına qarşı parçalanmış və zəiflədilmiş halda sinə gərmək mümkün deyil. Allah-Təala buyurur:
        «Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərə xoş gəlməsə də Allah öz nurunu tamamlayacaqdır!» (Saff, 8).
        Bu gün kafirlərin söndürmək istədikləri nur sünnili, şiəli, ərəbli, türklü, farslı hamımızın sahib çıxmalı olduğu nurdur. Bu gün həm millət, həm ümmət olaraq işğalla üzüzəyik. Bizə bu hücum alternativ bir mədəniyyətə və düşüncə sisteminə malik olduğumuz səbəbilədir. Bizlər yalnız haqsızlıqlar qarşısında səylərimizi birləşdirdiyimiz zaman onun fəsadlarından qoruna bilərik. Azərbaycan möminlərinin ümmətin bir parçası kimi bu gün atacaqları yaxınlaşma addımları əslində bütün İslam aləmində bu yöndəki fəaliyyətlərin ayrılmaz bir hissəsi olacaqdır.
        Beləliklə, bizlər bu gün çox dəqiqliklə həmrəyliyimizin mexanizmini hazırlamağa, ərsəyə çıxarmağa səy göstərməliyik. Əvvəla, qəbul etməliyik ki, müxtəlif məzhəblərin ardıcılları bir-biri barəsində kifayət qədər məlumatsızdırlar və ya bir çox hallarda yanlış məlumatlara sahibdirlər. Bir tərəfin ixtilaflı məsələsi qarşı tərəfdən həddindən artıq şişirdilərək qəbul edilmişdir. Bu qəbildən olan problemlərin həlli üçün tərəflər bir-birlərini yaxşı tanımalıdırlar. Digər əsas məsələ isə budur ki, fikir mübadilələri zamanı tərəflər söyüş və təhqir psixologiyasını tamamilə tərk etməli, səmimi şəraitdə bəhs etməlidirlər. Qarşı tərəfin hörmət etdiyi şəxslər haqqında təhqiredici ifadələr işlətməməli, biri digərini «rafizi», «nasibi» kimi adlarla adlandırmamalı, səmimi olaraq özünü müsəlman sayan birisini kafirlikdə suçlamamalıdır. Üstəlik, dini xarakterli hər hansı bir fikir ayrılığı yalnız və yalnız dərin biliyə malik olan alim və mütəxəssislərin fikir mübadiləsinin mövzusu ola bilər. Onlar da elmi bir bəhs olaraq qardaşyana, səmimilik və doğmalıq şəraitində oturub istənilən mövzuda araşdırmalar apara, öz görüşlərini irəli sürə bilərlər. Belə olduqda adi dindarlar arasında mənasız çəkişmələrə, sonu olmayan mübahisələrə birdəfəlik son qoymuş olarıq.
        Yuxarıda qeyd etdiklərimiz bu prosesə başlarkən nəzərə alacağımız ilkin konturlardır. Biz isə ilk addım olaraq ümumi müddəaları aşağıdakı formada təsəvvür edirik:
        1. Müxtəlif cərəyanları təmsil edən müsəlmanlar bir-birlərini müsəlman və iman əhli olaraq qəbul etməli, «Həqiqətən iman gətirmişlər qardaşdır!» – buyruğundan irəli gələrək bir-birini qardaş və vahid İslam ümmətinin ayrılmaz hissəsi saymalıdır.
        2. Ümumi vətənimiz olan Azərbaycanda İslamın layiq olduğu mövqeyə gətirilməsi hamımızın ümumi vəzifəmiz olduğu daim nəzərə alınmalı və bu yöndə birgə əməkdaşlığa qərar verilməlidir.
        3. İttifaq edilən əqidəvi və fiqhi məsələlərdə sıx əməkdaşlığa başlanmalıdır.
        4. İxtilaf edilən məsələlərdə dialoq tək yol olaraq qəbul edilməli, belə məsələlər dərin dini biliklərə sahib şəxslərin öhdəsinə buraxılmalıdır.
        5. Qarşı tərəfin əqidəvi, fiqhi və ya digər xarakterli ixtilaflı məsələlərinə ancaq onun mənbələrindən cavab aranmalıdır.
        6. Hər hansı bir mömin qardaşımızın bu və ya digər məzhəbi seçib qəbul etməsi normal qarşılanmalıdır.
        7. Müsəlmanlar arasında birlik və bərabərlik, məzhəblərarası yaxınlaşma və bu kimi digər mövzulu tədbirlərin, görüşlərin birgə keçirilməsi nəzərdə tutulmalı, bu yönlü elmi məqalə və əsərlərin yazılmasına təşviq edilməlidir.
        Əlbəttə, bütün bu təklif etdiyimiz maddələr bizim subyektiv qənaətimizin məhsuludur. İnşallah, bir araya gəlindiyi vaxt bu prinsiplər daha da dərinləşəcək və təkmilləşəcəkdir.
        Bir daha qeyd edək ki, dialoq və yaxınlaşma insanın öz inandığı həqiqətlərdən vaz keçməsi deyil. Bu sadəcə olaraq təəssübün inkarı, ortaq prinsipləri və birləşdirici nöqtələri görmə bacarığıdır. Mənsublarının parçalanmış və təfriqə içərisində olmasını qəbul etməyəcək mənada dinimiz vəhdət dinidir. Üzləşmiş olduğumuz ictimai vəziyyət və daha geniş götürsək, qlobal proseslər bizlərə bu birliyi zəruri və təxirəsalınmaz etməkdədir. Zənnimizcə, bu barədə düşünməyin vaxtı çatmışdır...
    Elşən Mustafaoğlu, Fəlsəfə elmləri namizədi
    Просмотров: 865 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz