ISLAM DUNYASI Cüme axşamı, 25.04.2024, 03:16
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Oktyabr » 26 » Azərbaycan dövlət qanunvericiliyində qadın hüququ silsiləsindən.2
    15:49
    Azərbaycan dövlət qanunvericiliyində qadın hüququ silsiləsindən.2
    Azərbaycan dövlət qanunvericiliyində qadın hüququ silsiləsindən
    Nikah müqaviləsi

    Bu məqalədə nikaha daxil olan Azərbaycan qadınlarının ailə həyatında, habelə boşanmada olan hüquq və məsuliyyətlərindən həm qanun nöqteyi nəzərindən, həm də təcrübə baxımından söhbət açılacaqdır. İlk öncə qeyd etmək istərdik ki, Azərbaycan əhalisinin 80%-i islam dininə mənsub olmasına baxmayaraq, dövlət qanunvericiliyi dünyəvi, yəni, hər hansı bir dindən kənar, beynəlxalq xarakter daşıyır. Bu səbəbdən də, azərbaycanlı, eyni zamanda müsəlman qadınları vətəndaş olduqları dövlətin qanunlarını bilməli və bu qanunları islam hökmləri ilə uzlaşdırmağı bacarmalıdırlar. Beləliklə, onlar, qanunvericilikdə qadağan olunmayan üsullarla öz hüquqlarını müdafiə etmək iqtidarında olacaqlar. Şübhəsiz ki, həyatı iki qanun sistemində qurmaq çətin bir işdir. Lakin ən azı aşağıda qeyd olunan qaydaları bilməklə onu həyata keçirmək mümkündür.
         Ailə qurumağa qərar verdikdən sonra azərbaycan qızları ilk öncə elimizin adət-ənənələrinə müvafiq olaraq nişanlanırlar. Ailə qanunvericiliyi ümumiyyətlə bu proseduru işıqlandırmamışdır, lakin təcrübə göstərir ki, nişanlanmış gənclər nikaha daxil olmamış ayrıldıqları zaman adətən onların arasında əmlak mübahisələri yaranır.
         Postsovet ölkələri sırasında müsəlman ənənələrini kobud şəkildə olsa da qanuniləşdirən ölkə kimi Türkmənistanı qeyd etmək olar. Dövlət, müsəlmanların həyatlarına o qədər müdaxilə edir ki, hətta qadın hüquqlarına aid məsələnin tənzimlənməsi ixtiyarını birbaşa öz üzərinə götürür. Məsələn, bir müddət Türkmənistanda əcnəbi vətəndaşlar türkmənistan qadınları ilə ailə qurmaq niyyətində olduqda, dövlət hesabına 50 000 ABŞ dolları məbləğində sığorta haqqını köçürmək və mütləq nikah müqaviləsini bağlamaq məcburiyyətində idilər. Əlbəttə ki, bu tipli avtoritar rejimli dövlətlərdə qanunlar, müsəlman vətəndaşların maraqlarından deyil, öz “milliyyətçilik” və ya rejim maraqlarından irəli gəlir.
         Dövlət tərəfindən islam qaydalarının bu şəkildə tətbiq olunmağındansa, onların yalnız əhali tərəfindən tətbiq edilməsi daha yaxşıdır.
         Bildiyiniz kimi, Azərbaycan Respublikasında yalnız VVADQ orqanında bağlanılmış nikah tanınır (qanuni sayılır) və dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyildir (mənbə: Ailə Məcəlləsi, maddə 1). Ailə münasibətlərinin hüquqi tənzimi, qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir (mənbə: Ailə Məcəlləsi, maddə 2).
         Azərbaycan ailə qanunvericiliyinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
         • yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
         • övladlığa götürənlər və övladlığa götürülənlər;
         • ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
         • ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmənin hökmünə fəaliyyət qabiliyyəti olmayan şəxslər.
         Nikahın bağlanılması üçün yalnız nikaha daxil olan kişi və qadının yazılı razılığı zəruridir.
         Qeyd etmək lazımdır ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
         Qeyd etdiyimiz kimi, müsəlmanlar arasında bağlanılan kəbin müqaviləsi heç bir hüquqi qüvvəyə malik deyil və bu səbəbdən də, vicdansız tərəf müqabili bundan istifadə edərək kəbin müqaviləsində şərtlənmiş mehriyyə və ya digər müddəaları yerinə yetirməkdən imtina edə bilər. Kəbin müqaviləsi hüquqi qüvvəyə malik olmadığına görə, müsəlman qadını ona əsaslanaraq məhkəmədə iddia irəli sürə bilməz və öz hüquqlarını müdafiə edə bilməz.
         Müsəlman kişi və qadın necə edə bilərlər ki, kəbin şərtlərinə “hüquqi” don geyindirsinlər?
         Ailə qanunvericiliyində nikaha daxil olan şəxslər arasında nikah müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur (mənbə: Ailə Məcəlləsi, maddə 38-40). Nikah müqaviləsi, nikahın bağlanılmasının dövlət qeydiyyatına qədər (yəni nikaha daxil olmaq istəyən şəxslər arasında), eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Hər halda nikah müqaviləsi nikahın VVADQ (Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanı) orqanlarında dövlət qeydiyyatına alındığı gündən hüquqi qüvvəyə minir.
         Nikah müqaviləsi yazılı formada bağlanılır, notariat qaydasında təsdiqlənir. Həm kişi, həm də qadın öz hüquq və vəzifələrini, xüsusilə də əmlak hüquqlarını orada şərtləndirə bilərlər və gələcəkdə hər hansı problem yarandıqda, məhkəmədə iddia ilə çıxış edərək, öz hüquqlarını müdafiə edə bilərlər. Ər-arvad, nikah müqaviləsində bir-birini saxlamağı, bir-birinin gəlirlərində iştirak üsullarını, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər (mənbə: Ailə Məcəlləsi, maddə 38.4). Qeyd etmək lazımdır ki, nikah müqaviləsində ər-arvadın mövcud olan və ya gələcəkdə əldə edəcəkləri əmlak da şərtləndirilə bilər.
         Nikah müqaviləsində islam qaydalarını tənzimləmək olar ki, onlar da artıq hüquqi əhəmiyyətə malik olurlar. Əlbəttə ki, islam qaydalarına müvafiq, lakin dini terminlərdən istifadə etmədən, nikah müqaviləsi bağlamaq istəsəz hüquqşünasa müraciət etməyinizi tövsiyyə edərdik. Çünki notarius, ailə qanunvericiliyində təsbit edilmiş ər-arvadın hüquq və vəzifə bərabərliyini və ya nikah müqaviləsində təsbit olunması qadağan olan müddəaları əsas götürüb, nikah müqaviləsini təsdiq etməkdən imtina edə bilər. Və yaxud məhkəmədə notariat qaydasında təsdiqlənmiş nikah müqaviləsinin şərtləri edtibarsız hesab edilə bilər və siz öz hüquqlarınızı müdafiə etməkdən məhrum edilə bilərsiniz.
         Ailə Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, nikah müqaviləsində aşağıdakılar nəzərdə tutula bilməz:
         • ər-arvadın hüquq və fəaliyyət qabiliyyəti, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ,
         • uşaqlara münasibətdə hüquq və vəzifələrini,
         • ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən (məsələn, qadının hər hansı yerə kişinin icazəsi olmadan getmək barədə) müddəalar;
         • ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran;
         • ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar.
         Yuxarıda sadaladığımız tələblər nikah müqaviləsində pozulursa, həmin şərtlər əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir. Həmçinin, qeyd etmək lazımdır ki, nikah müqaviləsinin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda onun tələbi ilə nikah müqaviləsi məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız sayıla bilər.
         Beləliklə, nikah müqaviləsi peşakarcasına işlənilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətləri nəzərə alaraq, şəriətə uyğun ər-arvadın hüquq və vəzifələrini təsbit edə bilsin.

         
    Hazırladı: Günay Şirəliyeva,
    ekpsert hüquqşünas
    Просмотров: 786 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz