ISLAM DUNYASI Cüme axşamı, 21.11.2024, 15:00
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Sentyabr » 4 » Tövbə etməyin qaydası
    07:23
    Tövbə etməyin qaydası
    Tövbə etməyin qaydası
     
    Günahlarımızı necə yuyaq?

     

    Bilirsənmi, nəfsinə uyub Allahın mənəviyyat qanunlarını pozanda, yəni günah edəndə, öz ruhunu xəstəliyə sürükləyirsən? Hər bir günah ruhi bir xəstəlikdir. Fiziki xəstəliklər bədənimizi incitdiyi kimi, günah xəstəliyi də ruhumuzu incidir. İnsan bu azara düçar olduqda sıxıntılar keçirir, əziyyət çəkir. Qeybət də, paxıllıq da, rüşvətxorluq da, oğurluq da, zinakarlıq da, təkəbbür də, bir sözlə, Allahın qadağan etdiyi bütün əməllər hər kəsdən daha çox onu edənin özünə zərər yetirir, ruhunu incidir; bu dünyasını qəlb sıxıntısı, axirətini isə əbədi cəhənnəm əzabına sürükləyir. Nəfsi istəklərinə uyan şəxs mütləq onun cəzasını çəkir. Nəfsini Allaha təslim edənlər isə xilas olurlar. Allah-Təala buyurur: «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!». Quranın insanla əlaqədar ən əhəmiyyətli proqramlarından biri onun nəfsini təmizləmək və tərbiyə etmək, ruhunu xəstəliklərdən qurtarmaq, qara fikirlərdən, narahatlıqlardan xilas etmək və qəlbi «çirkinləşdirən» amillərdən qorumaqdır. Bəs günah xəstəliyinə düçar olan şəxsin sağalması mümkündürmü? Mümkündür! Bir anlıq dayanıb, etdiyi işlərə görə səmimi-qəlbdən peşmançılıq hissi keçirməklə, Allaha qayıtmaq - tövbə etmək insanı hər cür günah xəstəliyindən xilas edə bilər…

    Tövbə - günahlardan Allaha qayıdış

    Ruhun hər cür rahatsızlıqlardan qorunub, sağlam olmasının ən gözəl təminatçısı elə əvvəldən hər növ günaha yaxın düşməmək, İlahi mənəviyyat qanunlarına uyğun yaşamaqdır. Hətta əgər insan çoxlu günahlarla həyatını ləkələyibsə, onun Allaha qayıtmaqla, ruhi-mənəvi xəstəliklərdən yaxa qurtarmaq imkanı var! Günahlardan çəkinib Allaha üz tutmaq, Onun yoluna dönmək tövbə adlanır. Tövbə günah xəstəliyinə tutulan insanların müalicə olunmasının, ruhi sağlamlığının bərpa edilməsinin yeganə çıxış yolu, yeganə müalicəsidir. Nə qədər insan var ki, günah burulğanında inildəyir və xilas olmaq istəyir. Məsələn, biri narkomaniyaya qurşanıb; həm həyatını ölüm təhlükəsinə atır, həm ailəsinin gününü qara edir, valideynlərinin ürəyini dağlayır, həm də arvadını, övladlarını daim göz yaşları içində boğur. Amma qəlbində vicdanının fəryadıyla bu halı ilə barışmayan, bu vəziyyətdən yaxa qurtarmaq istəyən nə qədər belə mənəviyyat xəstələri var. Onlar effektiv bir çıxış yolu axtarır, sağlam həyata qayıtmaq istəyirlər. Və əlbəttə, belə bir yol var! Bu böyük günaha «yox!» deyib, tövbə etmək və Allaha sığınmaq. Məhz bu yolla birdəfəlik bədbəxtlikdən qurtulub, xoşbəxtliyə nail olmaq olar…

    Qurtuluş yolu

    Dinimiz günaha düşüb mənəvi xəstəliyə tutulanlara hər şeydən öncə haqq yoluna qayıtmağı göstərir. İnsan mehriban və mərhəmətli Allah tərəfindən mütləq bağışlanacağına, tövbəsinin qəbul ediləcəyinə inanmalıdır. Rəbbimiz buyurur: «…Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!» («Zumər» surəsi, ayə 53). Şübhəsiz, günahlardan bağışlanmaq ümidi insanın sağlam qəlb əldə etməsinə verilən bir müjdədir. Digər ayədə oxuyuruq: «Hər kəs pis iş gördükdən və ya (günah etməklə) özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər!» («Nisa» surəsi, ayə 110). Lakin insan buradək tutduğu yolun yanlış olduğunu anlayıb, etdiyi günahlara görə peşman olaraq səmimi-qəlbdən Allaha qayıtmalıdır. Rəbbimiz buyurur: «Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin!..» («Təhrim» surəsi, ayə 8). Səmimi-qəlbdən edilən tövbə qəlbə düşən qara ləkələri silib aparır və insana sanki yeni bir ruh bəxş edir. Onun bura qədər yaşadığı uğursuz həyatının üstündən xətt çəkib, onun həyat kitabının qara səhifələrini kəsib atır, yeni ağ, təmiz səhifə açır qarşısında…

    Tövbəni necə etmək lazımdır?

    Şübhəsiz, Allah səmimi-qəlbdən tövbə edəni bağışlayar və onun ruhunu bütün rahatsızlıqlardan qurtarar. Rəbbimiz buyurur: «O müttəqilər ki bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar!» («Ali-İmran» surəsi, ayə 135). Başqa bir ayədə buyurur: «Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!» («Bəqərə» surəsi, ayə 160). Yenə də buyurur: «…sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahlarını bağışlayar). Şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!» («Ənam» surəsi, ayə 54). Bu ayələrlə Allah-Təala insanı haqq yoluna dəvət edir ki, insan xilas olsun və səmimi tövbə edənlərə mütləq bağışlanma vəd edir. Bu bir zəmanətdir! Amma tövbə etdikdə bir neçə məsələyə diqqət yetirmək lazımdır. Tövbə, sadəcə, dillə nələrinsə deyilməsi deyil! Tövbə «əstəğfirullah!» deyib, tövbəkarlıq iddiasında olmaq deyil. Həqiqi tövbə budur ki, insan etdiyi günah işlərin pis iş olduğunu anlayıb, həmin işi gördüyünə görə səmimi-qəlbdən peşmançılıq hissi keçirsin. Sonra Allahdan səmimi olaraq bağışlanmaq diləsin. Və bir daha günah iş görməyəcəyinə qəti qərar versin! Günah etməyi heç ağlına belə gətirməsin. Bundan sonra Allaha sığınsın və Onun yoluyla getməyi qərara alsın! Allahdan doğru yola hidayət etməyi diləsin və Allah da bütün günahlarını bağışlayıb, onun əlindən tutacaq və Öz yoluyla aparacaq… Həqiqətən də, bu, bir qurtuluşdur: «…Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!» («Nur» surəsi, ayə 31).
    Pis işlər yaxşıya çevrilir
    Maraqlı bir məsələyə də diqqət yetirək. Rəbbimiz hər cür çirkin əməllərdən səmimi-qəlblə qayıdan şəxsə daha bir müjdə verərək buyurur: «…Allah onların pis əməllərini yaxşı əməllərə çevirər!..» («Furqan» surəsi, ayə 70). Deməli, insan əvvəllər günah işlər görübsə də, günlərin bir günü günahlara «stop!» deyib, ayaq saxlasa, səmimi tövbə edib Allaha qayıtsa, mərhəmətlilərin ən mərhəmətlisi olan Allah onun əvvəlki günah işlərini silər və onların hamısını yaxşı əmələ çevirər. Bundan böyük müjdə nə ola bilər ki?..

    Qəlbə rahatlıq…

    Hə, insanın dünya səadəti onun könül sevinci, ruhunun hər cür qəm-qüssədən, qorxu, depressiya və sıxıntılardan amanda olmasındadır. Bu isə yalnız və yalnız Allaha iman gətirib Onunla yaşamaqla, Ona sığınmaqla mümkündür: «Şübhəsiz: «Rəbbimiz Allahdır!» - deyənlərin, sonra da (sözündə) möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!» («Əhqaf» surəsi, ayə 13). İmana qayıdış hər cür qorxu və qəm-qüssəni aradan aparır. İnsan öz daxili aləmində bir asudəlik, sərbəstlik hiss edir. Şeytanın zəncirlərini qırıb, ona qul olmaqdan qurtulan insan, əslində, həqiqi azadlıq əldə edir, qəlbini qəm-qüssə zindanından xilas edir. Bu isə dinin, imanın insana bu dünyada ərməğan etdiyi və zəmanət verdiyi ən böyük nemətdir - səadət neməti…
    Psixoterapevtlər peyğəmbərlərin dediklərini təkrar edirlər
    Burada müasir psixoterapiya elminin ən görkəmli nümayəndələrindən olan Deyl Karneginin özünün «Həyat ayini» əsərində yazdığı çox dəyərli sözlərini qeyd etmək yerinə düşərdi. O yazır: «Din mənə iman, ümid bəxş edir və həyəcan, iztirab, qorxu və nigarançılığı məndən uzaqlaşdırır! Din mənim həyatım üçün yol və məqsəd müəyyən edir… Bu gün yeni elm olan psixoterapiya elə peyğəmbərlərin öyrətdikləri şeyləri öyrədir. Niyə? Ona görə ki, psixoterapevtlər elə bir ruh aşkar etmişlər ki, dua, ibadət və möhkəm imana sahib olmaq nigaranlıq, təşviş, həyəcan və qorxunu aradan aparır. Bu elmin öndərlərindən biri deyib: «Həqiqətən, dinə etiqadı olan şəxs heç vaxt ruhi xəstəliyə tutulmaz…». Bu, dahi psixoterapevtin, bilavasitə psixi, ruhi xəstəliklərin tədqiqatı, müayinəsi və müalicəsi ilə məşğul olan məşhur alim Deyl Karneginin sözləri idi. Və heç şübhəsiz, ruhi sağlamlığın təmin edilməsi və hər cür psixi rahatsızlıqlardan qurtuluşun yeganə təminatçısı, Allaha iman və bu iman əsasında həyat sürməyimizdir. Narkoman, alkoqolik, zinakar, rüşvətxor, oğru və bu kimi günah xəstələri belə tövbə edərək Allaha qayıtmaqla öz qurtuluşuna nail olar. Və tövbə qapısı səmimi tövbə edənin üzünə hər zaman açıqdır!

    İradəni topla!

    Tövbə edən insan yenicə dünyaya gələn pak, günahsız bir insan kimidir. Artıq onun yeni həyatı başlayır. Elə bir həyat ki onun ən yaxın dostu, himayədarı Allah olacaq! Amma bunun üçün möhkəm iradəni işə salmaq və öz yolunda qətiyyətli olmaq lazımdır. Tövbə edərkən insan, nəyin bahasına olursa-olsun, bir daha heç vaxt keçmiş günahlara qayıtmamağa qərar verməlidir. Və əlbəttə, bu qərarının üstündə möhkəm dayanmalıdır. Onun üçün qəti bir qanun olmalıdır: «Geriyə yol yoxdur!». Artıq hər bir addım bizi bir qədər də Allaha yaxın etməli, imanımızı bir az da artırmalıdır. Məgər Allahın səmimi dostuna çevrilən kəs Ondan küsməyi öz şəxsiyyətinə sığışdırarmı? Məgər Ona yaxınlaşan, bu yaxınlığın şirinliyini dadan, İlahi sevinc, qəlb rahatlığı atmosferinə qərq olan birisi bir daha Allahdan uzaqlaşıb, bu gözəllikləri əldən verərmi?.. Allaha qayıdan tövbəkar üçün geriyə yol yoxdur! İrəli, ancaq və ancaq Allaha doğru irəli!.. Allah bizləri səmimi-qəlbdən tövbə edənlərdən qərar versin, tövbəmizi qəbul etsin və bir daha günah işlərə yaxın qoymasın. AMİN!

    Просмотров: 3431 | Добавил: ZehrayiNur
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz