Türkiyə prezidenti A. Gül İraqın dini lideri Ayətullah Əli Sistaniyə məktub göndərib.
A. Gülün Sistaniyə göndərdiyi məktubu iraqlı din xadiminə Türkiyənin İraqdakı səfiri Murad Özçəlik təqdim edib. İraqda davam edən PKK terror təşkilatı ilə mübarizə çərçivəsində ABŞ, İraq və Türkiyə arasındakı üçtərəfli müzakirələrdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər naziri Bəşir Atalay ilə birlikdə Bağdada gələn səfir Özçəlik daha sonra Nəcəfə yollanaraq orada Sistanini ziyarət edib.
Görüş zamanı prezident A. Gülün salamlarını Sistaniyə çatdıran səfir Sistaniyə göndərilən məktubun PKK terror təşkilatı ilə mübarizə məsələsi ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Sistaninin dini lider olduğunu, PKK probleminin isə fərqli bir xarakterə sahib olduğunu deyən türkiyəli səfir prezident A. Gülün Ayətulla Əli Sistaniyə göndərdiyi məktubun məzmunu barədə onda hər hansı bir məlumatın olmadığını qeyd edib.
Görüşdən sonra türkiyəli səfir Sistani ilə birlikdə Hz. Əlinin Nəcəfdə yerləşən türbəsini ziyarət edib. /AzeriMuslims/