Onlar Bakını bu gecə avtobusda tərk edib.
Müqəddəs Həcc ziyarətinə avtobusla yollanan zəvvarların ilk qrupu bu gecə Bakını tərk edib. Ümumilikdə isə bu növ nəqliyyatla ziyarətə yollanacaq 1600 imanlı üçün 48 avtobus ayrılıb. Təyyarə ilə gedəcək zəvvarlar isə Bakını noyabrın 25-də tərk edəcək. Bu il ilk dəfə olaraq təyyarə ilə gedənlər birbaşa Mədinəyə uçacaqlar (zəvvarlar əvvəllər birinci Ciddəyə gedirdilər, oradan isə Mədinəyə). Həmişəkindən fərqli olaraq, bu il onlar Mədinədə 2 gecə 3 gün yox, 3 gecə 4 gün qalacaq. Təyyarə ilə gedən hacılar 5 ulduzlu otellərdə yerləşdiriləcək. Bu otellərin qapıları birbaşa ziyarətgahın özünə açılır. Avtobusla gedənlər üçün otellər isə bir az aralıda yerləşir.
Zəvvarlar Mədinədən Məkkəyə yola düşəcək, Şəcərə məscidində ehram bağlayaraq Məkkəyə girəcəklər. Ümrə ziyarəti edib, sonra təməttö həcci, təfav edəcəklər və digər ayinləri yerinə yetirəcəklər. Sonra ehramdan çıxacaqlar və Ərəfata getmək üçün ikinci dəfə Məkkədə ehram bağlayacaqlar.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ANS-ə eksklüziv müsahibəsində deyib ki, azərbaycanlı zəvvarlara ehsan veriləcək: "Heydər Əliyev həzrətlərinin vəfatı həmin günlərə düşdüyünə görə, yəni ki, Ərəfatda, Müzdəlifədə və Minada hacılarımıza ehsan paylanacaq. Bu ehsan üçün bütün xərcləri verən - Onun ailəsidir". Onu da qeyd edək ki, bu il prezident İlham Əliyev seçki dövründə fəal iştirak edən dindarların arasından 110 nəfəri Məkkəyə öz hesabına göndərir. Ümumiyyətlə isə bu il Həccə Azərbaycandan 5000-ə yaxın adam yola düşür. Qeyd edək ki, azərbaycanlı zəvvarlar vətənə dekabrın 15-dək qayıtmalıdır. Allah ziyarətinizi qəbul etsin!
|