Главная » 2008»İyul»28 » ƏBU CƏFƏRİN DƏSTƏSİNİN MƏHKƏMƏSİ KEÇİRİLİB.
00:25
ƏBU CƏFƏRİN DƏSTƏSİNİN MƏHKƏMƏSİ KEÇİRİLİB.
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə “Əl Qaidə” və “Əl-Cihad” kimi beynəlxalq terrorçu təşkilatlarla əməkdaşlıqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəməsi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə “Əbu Cəfər” ləqəbi ilə tanınan Səudiyyə Ərəbistan vətəndaşı Naib Ərdəbili 14 il, “Əbu malik” ləqəbi ilə tanınan Elçin Əlimirzəyev 12 il, Vidadi Kərimov 9 il, Adil Gərayxanov, Loğman Muradov, Pərviz Kərimov, Mirzə Babayev, Vitali Ağaməmmədov və Rusiya vətəndaşı Daniyal Abuyev 8 il, Asif Xəzərov 7 il 6 ay, Qədir Hacıyev və Emin Cami 7 il, Vüqar Əliyev və Qabil Məsməliyev 6 il, Rafael Rəhimov 5 il 6 ay, Elvin Əskərov 4 il, Tahir Pirquliyev və Nizami Xudayarov isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Zamində olan E. Əskərov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, dəstə üzvlərinə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun dəstləşdirici hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Dəstə üzvləri 2007-ci ilin oktyabr-noyabr aylarında MTN tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunublar. Həmin qrupun zərərsizləşdirilməsi üzrə hüquq-mühafizə orqanları tərəfindən keçirilən birgə tədbirlər zamanı Qusar rayon sakini, 1975-ci il təvəllüdlü Telman Abdullayev odlu silahla iki polisi yaralayaraq hadisə yerindən qaçıb.