Üç nəfər öldü, bir nəfər yaralandı, polisə iki qumbara atıldı, ortada xeyli silah-sursat qaldı.
Azərbaycan Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu il avqustun 12-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində keçirilmiş əməliyyatla bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, əməliyyat saat 17.30 radələrində keçirilib.
Əvvəl təslim olmaq təklif edilib
Məlumatda göstərilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsinin dəfələrlə ağır və xüsusilə ağır cinayətlər törətdiyinə görə axtarışda olan sakini, 1986-cı il təvəllüdlü Zülfüqar Cabbarovun tutularaq istintaqa təqdim olunması məqsədi ilə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər. Əməliyyatda əvvəlcə Zülfüqar Cabbarov və onun dəstəsinin üzvü, əvvəllər məhkum olunmuş Aqil Muxtarova könüllü hakimiyyət orqanlarına təslim olmaq təklif edilib. Lakin onlar polisin qanuni tələblərinə tabe olmadan əməliyyat qrupunun üzvlərinə odlu silahlardan atəş açıblar.
İki nəfər öldürülüb, bir qadın isə yaralanıb
Daxili işlər orqanlarının əməkdaşlarına yönəlmiş odlu silahla müşayiət olunan zorakılığın qarşısı alınarkən Zülfüqar Cabbarov və Aqil Muxtarov zərərsizləşdirilərək məhv edilib, onların istifadəsindəki “Hyundai” markalı avtomaşında olan Səbinə Əliyeva isə həyatı üçün təhlükəli olmayan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Polisə iki qumbara atılıb
Z. Cabbarovun atası, xüsusilə ağır cinayət törətdiyinə görə barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarışda olan Əmirxan Cabbarov hadisədən xəbər tutan kimi bir neçə nəfərlə birlikdə “Jiquli” markalı maşınla olay yerinə gələrək, xidməti vəzifələrini yerinə yetirən polislərə avtomat silahdan atəş açıb, onları öldürmək məqsədilə 2 ədəd qumbara atıb. Atışma nəticəsində Ə. Cabbarov öldürülüb, cinayətin digər iştirakçıları isə hadisə yerində qaça biliblər. Hadisə yerindən 3 ədəd avtomat, 1 ədəd “Makarov” tipli tapança, içində 30 ədəd patron olan avtomat sandıqçası, 1 ədəd “F - 1” tipli qumbara, xeyli 5,45 və 7,68 kalibrli avtomat patronu və partlamamış qumbara qalığı aşkarlanıb.
22 yaşlı Zaur Cabbarovun keşməkeşli dosyesi
22 yaşlı Z. Cabbarov 2006-cı ildə qanunsuz silah əldə etmə, saxlama və gəzdirmə cinayətində təqsirili bilinərək məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci ilin sentyabrında azadlığa buraxılan Z. Cabbarov həmin il oktyabrın 5-də Nardaranda qanunsuz gəzdirdiyi silahla qohumu Sahib Talıbovu yaralayaraq, hadisə yerindən qaçıb. Onun tutulması üçün 2008-ci ilin fevralın 20-də Nardaranda keçirilən əməliyyat zamanı o, özündə saxladığı avtomat silahdan atəş açaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi rəis müavini Zaur Bədəlovu yaralayıb. Z. Cabbarov avqustun 11-də Nardaran qəsəbəsində, münaqişə zəminində həmyerlisi Sahib Süleymanovu öldürmək məqsədilə avtomat silahdan atəş açaraq onun idarə etdiyi “Mercedes” markalı mikroavtobusu gülləbaran edib. Uzun müddət cinayətkar əməlləri ilə ictimaiyyətə, qanunlara açıq hörmətsizlik və itaətsizlik nümayiş etdirən Z. Cabbarov, atası Əmirxanın və cinayətkar dəstənin üzvü Aqil Muxtarovun zərərsizləşdirilməsi Nardaranda ictimai asayişin mühafizəsinə, sakinlərin təhlükəsizliyinin təmin olunmasına real zəmin yaradıb.
Yenə axtarılanlar var
Baş vermiş hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin ağır və xüsusilə ağır məsuliyyəti nəzərdə tutan maddələri ilə cinayət işi qaldırılaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin icraatına götürülüb. Törədilmiş ağır cinayətin qaçıb gizlənən iştirakçılarının müəyyən edilərək, məsuliyyətə cəlb edilməsi, habelə cinayətkar dəstənin üzvlərinin iştirakı ilə törədilmiş digər cinayətlərin açıqlaması istiqamətində kompleks əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.