Baş verən partlayış nəticəsində 3 nəfər həlak olub
Dünən axşam saat 21.00 radələrində Bakının Nərimanov rayonu ərazisində Əbu-Bəkr məscidində partlayış törədilib. Şahidlərin sözlərinə görə, namaz vaxtı naməlum şəxs məscidin yan tərəfinə keçərək hündür pilləkən vasitəsi ilə yuxarı qalxıb. Daha sonra şüşələri sındıraraq əlindəki qumbaranı içəri atıb və qaçıb. Baş verən partlayış nəticəsində 2 nəfər həlak olub, 11 nəfər yaralı halda Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Dəstəsi və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Ətraf ərazi isə Nərimanov, Nəsimi və digər paytaxt rayonlarının polis nəfərləri, həmçinin Çevik Polis Alayının nəzarəti altına alınıb. Əraziyə milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubov da baş çəkib. Qeyd edək ki, partlayış törədilən vaxt məsciddə təxminən 500 adam olub. Hadisə ilə bağlı Bakı polisi gücləndirilmiş iş rejiminə keçib. Paytaxtın ayrı-ayrı yerlərində polis postları yaradılıb və hərəkətdə olan bütün şübhəli nəqliyyat vasitələri saxlanılaraq yoxlanılır.
Nərimanov rayon prokuroru Durhəsən İmanovun ANS TV-yə verdiyi məlumata görə, namaz vaxtı naməlum şəxs çöldən qumbara atıb və nəticədə məsciddəkilər xəsarət alıblar: «Verilən məlumata görə onlardan 2 nəfər ölüb. İlkin məlumata görə, 4 nəfər xəsarət alıb, indi onların sayı dəqiqləşdirilir». Prokuror bildirib ki, hadisə yerinin müayinəsi aparılacaq. Faktla bağlı cinayət işi başlanılıb. İstintaqdan sonra ətraflı məlumat veriləcək.
WwW.Birlik-Az.CoM
|