Bu münasibətlə başda İmam Zaman Ağa (ə.f) olmaqla bütün dünya müsəlmanlarını, o cümlədən ölkə müsəlmanlarını təbrik edirik.
İmam Həsən Müctəba (ə) camaatdan daha artıq abid və zahid idi. Həcc mərasimini yerinə yetirməkdən ötrü Məkkəyə gedəndə piyada gedər, namaz qılanda, ya dəstəmaz alanda isə özünü Allah qarşısında aciz görüb bədəni titrəyər və buyurardı ki, Allahın əmanətini əda etməyin vaxtıdır. Məscidə girib mehrabda durduğu vaxt başını göylərə qaldırıb buyurardı: «Allahım, hüzurunda duran şəxs Sənin qonağındır. Sənin günahkar bəndən Sənə doğru gələrək onun pis işlərini bağışlamağını ümid edir. Çünki Sən rəhman və rəhimsən».
DÖRDÜNCÜ MӘSUM
Adı: Həsən Ləqəbi: Müctəba Künyəsi: Әbu Məhəmməd Atası: Әli (ə) Anası: Fatimeyi-Zəhra (s) Babası: Peyğəmbər (s) Doğum ili: Hicri 3-cü il İmamlıq müddəti: 10 il Ömrü: 48 il Şəhadəti: Hicri 50-ci ildə, Müaviyənin təhriki ilə arvadı Cüdə tərəfindən zəhərləndi. Məzarı: Mədinə, Bəqi qəbristanlığı.
TӘVӘLLÜDÜ VӘ UŞAQLIĞI
Üçüncü hicri ilinin mübarək Ramazan ayının 15-də həzrət Әli əleyhissalamın evində ilk uşaq dünyaya gəldi. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri ilə nəvəsinin adını Həsən qoydu. İmam Həsən (ə) atası Әli (ə) və anası Fatimeyi-Zəhranın tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı. O, Peyğəmbər (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Günlərin bir günündə həzrət Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini duyduqda tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: «Onu ağlayan gördükdə, dözə bilmirəm». Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra imam Həsəni qucağına alıb belə buyurdu: «Hər kim məni sevirsə, Həsəni də sevsin». Bir dəfə isə həzrət Peyğəmbər (s) Həsən əleyhissalamı çiyni üstə götürüb belə buyurdu: «Allahım, bu uşağın sayəsində ümid edirəm ki, ümmətimi (bütün pisliklərdən) təmizləyəcəksən». Başqa bir hədisində isə belə buyurub: «Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır». Başqa bir hədisdə isə: «Həsən və Hüseyn Allah ərşinin iki qoşa nurudur ki, Allahın cənnəti onlarla fəxr edir» - deyə buyurmuşdur.
ELM VӘ ӘXLAQI
Bir gün Peyğəmbər (s) məscidində qoca bir kişi düzgün olmayan bir şəkildə dəstəmaz alırdı. İmam Həsən (ə) ona dəstəmazının səhv olduğunu başa salıb anlatmalı idi; amma necə? Әgər ona desəydi ki, dəstəmazın səhvdir, onda qəlbi sınar, yaxud narahat olub qəbul etməyə bilərdi. O, qardaşı imam Hüseyn (ə) ilə birlikdə belə qərara gəldilər ki, özləri dəstəmaz alıb həmin qoca kişini də onların bu hərəkətinə münsiflik etməyə çağırsınlar. İmam Həsən (ə) imam Hüseynə (ə) dedi: «Mən səndən daha yaxşı dəstəmaz alıram». İmam Hüseyn (ə) isə onun cavabında: «Yox, mən səndən daha yaxşı dəstəmaz alıram» - dedi. İkisi də qoca kişinin yanına gəlib dedilər: «Bizim dəstəmaz almağımıza baxıb, hansımızın daha düzgün dəstəmaz almağımızı söylə». Sonra dəstəmaz almağa başladılar. Özü də dəstəmazlarını düzgün və tam şəkildə yerinə yetirdilər. Qoca kişi başa düşdü ki, onlar onun doğru dəstəmaz almadığını demək istəyirlər. Buna görə də onlara belə dedi: «İkinizin də dəstəmazı düzdür. Dəstəmaz almağı düzgün bilməyən cahil isə mən idim. Siz məni başa salmaq istəyirdiniz. Mən də sizə minnətdaram».
ABT DİNİ KATİBLİK
|