Noyabrın 3-ü və 4-də Kazan şəhərində ikinci Ümumrusiya Quran qiraəti müsabiqəsi keçiriləcək. Tədbir Tatarıstan paytaxtında Rusiya İslam Universitetinin yaradılmasının 10 illiyi çərçivəsində keçiriləcək. Məlumatı İTAR-TASS agentliyinə Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin müftisi Qusman İshaqov verib.
Onun sözlərinə görə, müsabiqədə məqsəd Rusiyada Quranın əzbər öyrənilməsi ənənəsinin inkişaf etdirilməsidir.
Tədbirin təşkilatçıları Asiya Müsəlmanları Komitəsi, Ümumdünya İslam Xeyriyyə Təşkilatı və Tatarıstan Müsəlmanları Ruhani İdarəsidir. Müqəddəs kitabın qiraətinddə Dağıstan, Başqırdıstan, İnquşetiya, Tatarıstan, Çeçenistan, Penza vilayəti və digər bölgələrdən olan onlarla söz ustası iştirak edəcək. Onların ustalığını isə Qətər, Səudiyyə Ərəbistanı, Küveyt və MDB ölkələrindən olan tanınmış hafizlər qiymətləndirəcək.
Müsabiqənin proqramında Rusiya İslam Universitetinin, eləcə də digər ölkələrin Quran alimlərinin çıxışları da nəzərdə tutulur. Müsabiqə tatar estrada artistlərinin ifasında münəcatla başa çatacaq.
Quran qiraəti üzrə ilk Ümumrusiya müsabiqəsi Kazanda 2004-cü ilin noyabrında keçirilmişdi. Onun qalibi Penza İslam Universitetindəki kollecin şagirdi İslam Daşkin olmuşdu. /ANS PRESS/