İsrail fələstinlilərin "çirkab suyu püskürdüldü" - deyə şikayət etdikləri çox pis qoxulu "Skuns silahını" istifadəyə verdi.
İsrail polisi nümayişçilərə qarşı istifadə etmək üçün yeni bir "silahı" istifadəyə verdi: Skuns qoxusu. Beləcə fələstinli nümayişçilərin bir müddət əvvəl, əsgərlər tərəfindən üzərlərinə çirkab suyu püskürdüldüyü şikayətlərinin də əsli ortaya çıxdı. İsrail polisinin səlahiyyətlisi, bu "yeni və öldürücü olmayan maddəni" izah edərək, çox pis bir qoxu yaydığını vurğuladı. Sınaqlarda özünü sübut edən və "skuns" adı verilən yeni maddə, yayıldığında paltarlar və dəri tərəfindən sorulur, bundan sonra isə başgicəllənməsi və qusmağa səbəb olur. Səlahiyyətli şəxs "skuns"un içindəki təbii komponentlərin bir neçə saat sonra hər hansı bir iz buraxmadığını da bildirib. 3 ildən çoxdur divar əleyhinə nümayişlərdə iştirak edən Dr.David Nir qoxu barədə fikrini belə ifadə edib: "Çox pis bir qoxudur. Sanki çürümüş bir şey, bir heyvan leşi kimidir." "Plastik güllələrə alışmışıq, bunlara qarşı təcrübəmiz var. Gözyaşı bombaları, təzyiqli sulara da... Qəflətən iki sərhəd polisi, kürəklərində qəribə torbalarla meydana çıxdı və nümayişçilərin üzərinə bir maye püskürtdü. Bəziləri mayeylə iliklərinə qədər islandılar. Mən kənar qalmağı bacardım və çox təsirlənmədim. Amma qoxu mənə də bulaşdı, dərimə hopdu. Çox bərbad idi. " Üzərinə bulaşan qoxunu çıxartmaq üçün müxtəlif üsulları sınayanlar da olub. Fələstin Milli Təşəbbüsünün (Əl Mubadara) fəallarından olan Ahad Huca özünü paltar suyu - xlorla təmizləməyi sınayıb. Naalindəki nümayiş əsnasında üzərinə "skuns" püskürdülən Huca "Polislə üzbəüz, sakit bir tərzdə nümayiş keçirirdik. Mənə mayeni püskürtməyə başladılar. Həyatımda heç belə pis iy verməmişdim" deyə qeyd edir: "Qoxudan xilas olmağı bacarmadım. Dərhal evə getdim, üzərimdəki bütün geyimləri çıxardım, duş qəbul etdim, amma heç işə yaramadı. Bütün ev bu qoxuyla doldu. Həmin vaxt yoldaşım evdə yemək bişirirdi, qoxu yeməyə, divarlara çökdü. Uşaqlar yemək yemək istəmədilər. Bir neçə duşdan sonra, başqa şansım qalmadığını düşünərək, özümü yuyucu tozla, xlorla təmizləməyə qərar verdim. Amma bu da işə yaramadı».
|