ISLAM DUNYASI Cüme axşamı, 21.11.2024, 14:40
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Oktyabr » 26 » Azərbaycan dövlət qanunvericiliyində qadın hüququ silsiləsindən
    15:44
    Azərbaycan dövlət qanunvericiliyində qadın hüququ silsiləsindən
    Azərbaycan dövlət qanunvericiliyində qadın hüququ silsiləsindən
    Yetkinlik yaşı

    Bu məqalədə Azərbaycan vətəndaşının yetkinlik yaşına çatması və həmin yaş həddinə çatandan sonra müxtəlif ictimai sahələrdə fəaliyyəti, hüquq və məsuliyyəti barədə müəyyən açıqlamalar verilir. Amma öncədən...... Dünya təcrübəsinə nəzər yetirdikdə, şəxsin yetkinliyə çatma məqamının birmənalı olub, eyniliklə müəyyən edilmədiyi aşkar olunur. Belə ki, Avropa ölkələrinin çoxunda yetkinliyin yaş həddi 18 yaşdır (İsveçrədə isə 20 yaşdır). Amerika Birləşmiş Ştatlarında mülki hüquq sahəsində ştatlara müəyyən səlahiyyətlər verildiyinə görə, ştatlardan asılı olaraq yetkinlik yaşı da müxtəlifdir (18-dən 21 yaşa qədər). Bu durum nədən irəli gəlir? Doğrudurmu Amerikalılar düşünürlər ki, Missisipi, Nebrask və ya Alabama ştatında insanlar daha gec məsuliyyət hissi duyurlar və buna görə də yetkinlik yaş həddini 21 yaş müəyyən ediblər? Yoxsa doğrudan da isveçrəlilər qonşu avropalılardan fərqlənirlər (nəzərə alsaq ki, İsveçrə əhalisinin əksəriyyətini fransalılar, hollandlar, avstryalılar təşkil edir)? Bu sualların cavabını hər bir ölkənin tarixində, adət-ənənələrində, mədəni və ictimai inkişafında və ya xalqı mənfi keyfiyyətlərdən uzaqlaşdırmaq üçün mübarizədə (məsələn, Alabama ştatının sakininə 21 yaşa qədər imkan verilir ki, spirtli içkilər, siqaretin zərəri barədə düşünsün, çünki dövlət onu ciddi məsuliyyətə cəlb etməkdə səlahiyyətlidir) tapmaq olar.
         Psixoloji cəhətdən isə yetkinlik yaşı şəxsin elə məqamıdır ki, o öz hərəkətlərinə görə cavab vermək, cəmiyyətdə müstəqil fəaliyyət göstərmək iqtidarında olur.
         Azərbaycanda yetkinliyin yaş həddi Sovet Azərbaycanındakından fərqlənmədən 18 yaşdır. Yetkinlik yaşına çatma vətəndaş üçün seçkilərdə (mənbə:Seçki Məcəlləsi, maddə 12.1), yerli rəy sorğusunda iştirak etmək (mənbə:Yerli rəy sorğusu haqqında qanun, maddə 6), ictimai birliklər, siyasi partiyaların üzvü olmaq (mənbə: Siyasi partiyalar haqqında qanun, maddə 8), məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak etmək (mənbə: Mülki Prosessual Məcəllə, maddə 49.1), mülki dövriyyədə nəzərdə tutulmuş qanunvericiliklə qadağan olunmayan fəaliyyətlə məşğul olmaq imkanı yaradır.
         Azərbaycan vətəndaşı 18 yaşı tamam olmadan da bir çox sahələrdə fəaliyyət göstərə bilər. Lakin qanunvericilik onun tam müstəqil davranmasına məhdudəyyətlər qoyur ki, onlar da obyektiv cəhətdən anlaşıla bilər. Belə ki, 14 yaşından 18 yaşınadək olan gənc qız və ya oğlan yalnız atanın və ananın, yaxud övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə əqd (həm birtərəfli müqavilələrə, məsələn, hədiyyə vermək, həm də ikitərəfli müqavilələrə, məsələn, alqı-satqıya şamil olur) bağlaya bilərlər. Məsələn, yalnız valideynlərin yazılı razılığı ilə nənəsinin qıza bağışladığı qızıl sırqalarını başqa şəxsə hədiyyə edə bilər və ya onu sata bilər. Qanunvericilikdə sadaladığımız şəxslər “qanuni nümayəndələr” adlandırılır və onların yazılı razılığı əqd bağlandıqdan sonra da alına bilər (mənbə: Mülki Məcəllə, maddə 30.1).
         Digər tərəfdən 14 yaşından 18 yaşınadək olan gənc oğlan və ya qız qanuni nümayəndələrinin razılığı olmadan, müstəqil surətdə yalnız öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam verə bilər (məsələn, onu kiməsə hədiyyə edə bilər, onun hesabına hər hansı əşya əldə edə bilər və s.);
         Gənc, həmçinin, elm, ədəbiyyat və ya incəsənət əsərinin (məsələn, özü bəstələdiyi musiqinin, yazdığı şerin və ya çəkdiyi rəsm əsərinin), ixtirasının müəllif hüquqlarını həyata keçirə bilər. Yəni öz hüquqlarını qeydiyyata sala bilər və sonradan əsərini sata, hədiyyə edə bilər və ya onun işlədilməsinə qadağa qoya bilər (mənbə: Mülki Məcəllənin 30.2-ci maddəsi).
         Əlbəttə, qanunvericilik əqdlərin etibarlı olduğunu müəyyən edirsə, gənclərin bağladıqları əqdlər üzrə əmlak məsuliyyətini də müəyyən edir. Etibarlılıq o deməkdir ki, gəncin bağladığı müqavilə hüquqi qüvvəyə və əhəmiyyətə malik olur.
         Bundan əlavə, 16 yaşı tamam olmuş gənc, kooperativ üzvü (mənbə: Mülki Məcəllə, maddə 30.2.4), gənclərin ictimai birliyinin təsisçisi (mənbə: Qeyri-hökumət təşkilatları haqqında qanun, maddə 9.1) ola bilər, həmçinin əməllərinə görə cinayət məsuliyyətinə (mənbə: Cinayət Məcəlləsi, maddə 20) və ya inzibati məsuliyyətə (mənbə: İnzibati Xətalar Məcəlləsi, maddə 15.1) də cəlb edilə bilər.
         Qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyi ilə, 16 yaşı tamam olmuş gənc aşağıda göstərilən əsaslar olduqda yetkinlik yaşına çatmış şəxsə bərabər tutula bilər (hüquqi dildə ifadə etsək, tam fəaliyyət qabiliyyətli şəxs hesab edilə bilər) və bundan irəli gələn hüquq və imkanlarından istifadə edə bilər. Belə ki, 16 yaşlı gənc:
         • sahibkarlıq fəaliyyəti ilə məşğul olursa (təbii ki, hər iki valideynin, yaxud övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə);
         • əmək müqaviləsi üzrə işləyirsə;
         • və hər iki halda ata-ana, övladlığa götürənlər və ya qəyyumun razılığı ilə qəyyumluq və himayəçilik orqanı qərar çıxarırsa;
         • belə razılıq olmadıqda isə məhkəmə qərar çıxarırsa;
         • və ya gənc, nikaha daxil olursa
         o, yetkinlik yaşına çatmış şəxsin hüquqi statusuna (yəni onun hüquq və vəzifələrini daşımaq imkanına) malik olur.
         Beləliklə, Azərbaycan qanunvericiliyi etiraf edir ki, hər hansı gənc, nikaha girmək üçün yaş həddinə çatmasa da, ailə qurursa, o artıq, vətəndaş üçün kifayət edən məsuliyyət hissiyatına malik olur və öz ailəsinə, ocağına görə cavabdehlik daşıya bilirsə, vətəndaşlıq vəzifələrini yerinə yetirmək iqtidarında olur. Bunun etiraf edilməsi üçün nə məhkəmənin, nə də qəyyumluq və himayəçilik orqanının qərarı gərəkdir. Qeyd etmək lazımdır ki, ailə qanunvericiliyinə əsasən, nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün isə 17 yaş müəyyən edilmişdir. Lakin hamiləlik, hərbi xidmətə çağırış, faktiki nikah (dini kəbin) əlaqəsində olan kişi və ya qadının uzunmüddətli ezamiyyətə və ya təhsil almaq üçün xaricə getməsi və sair üzürlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxs, yaşadığı ərazi üzrə yerli icra hakimiyyəti orqanına müraciət edə bilər ki, onun nikah yaşını bir il azaldsın (qeyd: bir ildən artıq nikah yaşının azaldılması qadağandır). Belə olan halda, qadınlar üçün 16, kişilər üçün isə 17 yaş müəyyən edilərək, onların nikahı rəsmi qeydiyyata alına bilər (mənbə: Ailə Məcəlləsinin Yozumu).
         Qeyd etmək lazımdır ki, hər hansı gəncə 15 yaşa çatmaq kifayətdir ki, o əmək fəaliyyəti ilə məşğul olsun və onunla əmək müqaviləsi bağlanılsın (qeyd: 14 yaşlı gənci yalnız o halda işə qəbul etmək olar ki, onların qanuni nümayəndələri buna razılıq versinlər və onlar, istehsalat təlimi görmək üçün dərsdən asudə vaxtı, onlara zərər yetirməyən işlə məşğul ola bilsinlər). Nəticədə, 15 yaşlı gənc gəlir vergisinin ödəyicisi olur və onun əmək haqqısından sosial ödənişlər köçürülməklə artıq öz pensiya hesabına pul qoymuş olur. Qanunvericilik yetkinlik yaşına çatmayan şəxsin əmək fəaliyyətinə icazə versə də, onun əmək şəraitini xüsusən müəyyən etmişdir ki, gənc, həm öz təhsili ilə məşğul olsun, mənəvi ruh yüksəkliyində tərbiyyə olunsun, həm də ağir işlərə cəlb edilməsin və onun iş həftəsi, məzuniyyəti imtiyazlı olsun. Belə ki,
         • əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərə təyin edilmir;
         • əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, həmçinin spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, habelə əmək şəraiti ağır, zərərli olan iş yerlərində (yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə) yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır;
         • həmçinin, yaşı 18-dən az olan gənclərin gecə vaxtı işlərə (qeyd: axşam saat 20-dən səhər saat 7-dək olan müddət onlar üçün gecə vaxtı hesab edilir), iş vaxtından artıq işlərə, istirahət, bayram günlərində və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.
         Qeyd etmək lazımdır ki, qanunvericilik 18 yaşına çatmamış gənclər üçün qısaldılmış iş vaxtını müəyyən etmişdir ki, onun müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır. Bu halda gənclərin əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş əmək haqlarına bərabər tutularaq, tam məbləğdə ödənilir.
         Bundan əlavə, gənclərin fiziki və psixoloji baxımdan işləmək iqtidarında olmasının yoxlanılması məcburi qaydada müəyyən edilmişdir. Belə ki, yaşı 18-dən az olan şəxslərin yalnız tibbi müayinə keçirildikdən sonra işə qəbul edilməsi və onların 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməsı qaydasında aşkar edilir. (mənbə: Əmək Məcəlləsi, maddə 247-255)
         Əlbəttə, yuxarıda sadaladığımız imtiyaz və hüquqların marşrut avtobuslarında çalışan gənclər üçün tətbiq edildiyi şübhə doğurur. Lakin bu durumda çarəsiz vəziyyət qanunun olmaması olardı. Əmək hüquqlarının pozulması ilk öncə əmək müqaviləsinin bağlanılmaması, sonradan isə qanunvericilikdə nəzərdə tutulmuş əmək şəraiti, məzuniyyət və sair hüquqlardan məhrum olunmaqla baş verir.
         Qeyd etmək lazımdır ki, işəgötürənlər əmək müqaviləsini (kontraktı) bağlamadan fiziki şəxsləri (yəni vətəndaş, əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxs nəzərdə tutulur) hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdikdə, Əmək Müfəttişliyi ona qarşı inzibati məsuliyyət tətbiq etməlidir. Bu hüquqpozmaya görə işəgötürən vəzifəli şəxslər (1 manat 10 qəpik məbləğində olan) şərti maliyyə vahidinin 70 mislindən 90 mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin 200 mislindən 300 mislinədək miqdarda cərimə ödəməli ola bilərlər (mənbə: İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsi). Əlbəttə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Əmək Müfəttişliyi, hüquqları pozulmuş işçinin şikayəti olmadan, onunla əmək müqaviləsinin bağlanıb və yaxud bağlanılmamasını bilə bilməz.

         
    Hazırladı: Günay Şirəliyeva,
    ekpsert hüquqşünas
    Просмотров: 1058 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 3
    Qonaqlar: 3
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz