Nuşirəvan Məhərrəmli: "Bu ilin sonunda bütün xarici radiostansiyaların Azərbaycanda yayımlandığı tezlik əlindən alınacaq"
Xarici radiostansiyaların Azərbaycanda yayımı dayandırılacaq. Bu barədə Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib.
Şura sədrinin sözlərinə görə, bu, Azərbaycan dövlətinin teleradio siyasəti sahəsində apardığı tədbirlərdən biridir: “Hələ bir neçə il əvvəl biz bu məsələni qəti şəkildə qaldırdıq ki, Azərbaycanın efir məkanımda xarici radiostansiyaların yayımı dayandırılmalı, bu məsələyə dünyada mövcud olan praktikaya uyğun həllini tapmalıdır. Bu işi biz o zaman kabel şəbəkəsi zəif inkişaf etdiyinə gərə mərhələli həyata keçirdik. Əvvəlcə Rusiya və Türkiyə kanallarının, Fransa radiosunun yayımını dayandırdıq, sonra “Amerikanın səsi”, “Azadlıq”, BBC və Türkiyənin TRT kanalı ilə bir illik müqavilə bağladıq”.
N. Məhərrəmli bildirib ki, Azərbaycanın milli tezlik resurslarının milli qurumlara aid olduğu hələ bir il əvvəl sözügedən kanallara xatırladılıb: “Artıq son mərhələ gəlib çatıb. Bu məsələni birdəfəlik həll etməliyik. Bu ilin sonunda bütün xarici radiostansiyaların Azərbaycanda yayımlandığı tezlik əlindən alınacaq”. Şura sədri deyib ki, Azərbaycanda fəaliyyət göstərən radiostansiyalar bundan sonra öz yayımlarını Avropa ölkələrində olduğu kimi, peyk yayımı, internet və kabel şəbəkəsi vasitəsilə apara bilərlər.
|