Gündüz Hacıyev: «Sözügedən məsciddə baş verən hadisələr, həmin məscidin icmasının günahı üzündən dövlət qanunları ilə ziddiyət təşkil edən fəaliyyətlərin nəticəsi kimi meydana çıxıbsa, onda həmin icma haqqında qərar qəbul edilməli idi»
Məlum olduğu kimi, avqustun ortalarında Bakıda «Əbu-Bəkir» məscidində baş verən terror aktından sonra, sözügedən məscid bağlanıldı. Qeyd edək ki, həmin terror aksiyasında iki nəfər öldü, 19 nəfər isə yaralandı. Onu da qeyd edək ki, «Əbu-Bəkir» məscidi ölkə üçün ziyanlı olan vəhabi təriqətinin əsas istinadgahı hesab edilirdi.
Bu günlərdə Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə «Əbu-Bəkir» məscidinin fəaliyyətinin qanunzuz olduğunu mətbuata bildirib. Ölkədəki bəzi qüvvələr adıçəkilən məscidin yenidən fəaliyyətə başlamasına cəhd edirlər.
Məsələyə münasibət bildirən Fəzilət Partiyasının sədri Gündüz Hacıyev hesab edir ki, sözügedən məsələ ilə bağlı hakimiyyətin yeritdiyi siyasət bir çox hallarda dövlət maraqlarından deyil, müəyyən subyektiv fikirlərə əsaslanır: «Ocümlədən Qafqaz Müsəlmanlar İdarəsi də çox təəssüflər olsun ki, belə bir təsir altındadır və bu yöndə qərarlar qəbul edir. Fikrimcə, sözügedən məsciddə baş verən hadisələr, həmin məscidin icmasının günahı üzündən dövlət qanunları ilə ziddiyət təşkil edən fəaliyyətlərin nəticəsi kimi meydana çıxıbsa, onda həmin icma haqqında qərar qəbul edilməli idi.
Eyni zamanda, bu qərardan əvvəl də həmin icmanın fəaliyyəti, təbliği, dövlətə və xalqa ziyanlı olması barədə əsaslı sübutlar ortaya qoyulmalı idi. Bu zaman icma ilə bağlı müəyyən qərar qəbul etmək olardı. Ancaq məscidin bütövlükdə bağlanması, məscidin fəaliyyətinin dayandırılması bu biraz anlaşılmamazlıqdır. Bu nə dünyavi, nə də dini qanunlarla üst-üstə düşmür.
Hər halda məscidi bağlamaqla həmin icmanın fəaliyyətinin aktivliyini saxlamaq istəyirlər. Ona görə də yaxşı olardı ki, hər hansı bir qərar qəbul etməzdən əvvəl əsaslı şəkildə götür-qoy edilsin və ondan sonra müəyyən bir qərar qəbul edilsin. Yarımçıq qəbul edilmiş qərar, bütövlükdə ölkədə hakimiyyətin də dəfələrlə səsləndirdiyi dini tolerantlıqla üst-üstə düşməyəcək. Belə davam edərsə, ümumilikdə gələcəkdə də xoşagəlməz hadisələr ola bilər».
|