Mehman Cavadoğlu: «Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparıldığı haqda görüntü yaradılır və bu görüntü altında da əslində korrupsiya gündən-günə çiçəklənir»
9 dekabr dünyada korrupsiyaya qarşı mübarizə günü kimi qeyd olunur. Bu gün dünya ölkələri bu bəladan bu və ya digər dərəcədə əziyyət çəkir. Düzdür, dünyanın heç bir ölkəsi korrupsiyadan tam sığortalanmayıb. Ancaq dünya dövlətlərində korrupsiyanın səviyyəsi müxtəlifdir. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə korrupsiya daha aktual problem olaraq qalmaqdadır. Bu dövlətlərdən biri də Azərbaycandır. Beynəlxalq qurumların hesabatların Azərbaycanda korrupsiyanın yüksək həddə olması ilə bağlı dəfələrlə məlumat verilib. Bu gün ölkədə həqiqətəntə korrupsiyaya qarşı mübarizə aparılırmı?
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədi bu gün ölkədə korrupsiyaya qarşı mübarizə aparılmadığını bildirdi: «Korrupsiyaya qarşı mübarizə aparmalı olan təşkilatlar, korrupsiya sistemini quran adamlardır. Yəni bu ölkədə korrupsiyaçılarla, korrupsiyaya nəzarət etməli olanlar vahid bir sistemin adamlarıdır. Ona görə də Azərbaycanda korrupsiya çiçəklənməkdədir. Ölkədə korrupsiyanın ən eybəcər ifrat formaları getdikcə genişlənməkdədir. Və heç də təsadüfü deyil ki, bütün beynəlxalq qurumların illik hesabatlarında Azərbaycan korrupsiya üzrə öncül yerlərdə dayanır. Azərbaycanda bu gün korrupsiya bir dövlət siyasətinə çevrilib. Azərbaycanda vətəndaş hələ dünyaya gəlməmişdən, doğulub ölənə qədər rüşvət verməlidir. Ölkədə təhsil yox, amma diplom almaq üçün mütləq rüşvət verilməlidir. Müalicə olunmaq, vəzifə almaq, sağlam qalmaq və sairə amillərdən ötrü rüşvət verilməlidir. Bu gün hər hansı bir fəaliyyəti korrupsiyasız təsəvvür etmək mümkün deyil».
Müsavat Partiyasının funksioneri Mehman Cavadoğlu Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaqdan danışmağın tamamilə absurd olduğunu bildirdi: «Korrupsiyaya qarşı mübarizədən söhbət gedə bilməz. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparıldığı haqda görüntü yaradılır və bu görüntü altında da əslində korrupsiya gündən-günə çiçəklənir. Ölkədə Korrupsiyaya Qarşı Mübarizə idarəsi yaradılıb, amma bu qurum heç nə ilə məşğul olmur. Bu qurum yaradılandan sonra ölkədə nəinki korrupsiya azalıb, əksinə daha da artıb. Ona görə də Azərbaycanda korrupsiyaya qarşı hansısa mübarizənin aparıldığından danışmaq tamamilə yersiz və mənasızdır».
"Birlik-Press"