Sirli ölümlərin arxasında “Mossad”ın durduğu iddia edilir.
İranın nüvə mütəxəssisi olan alimlərinin bir-birinin ardınca ölməsinin arxasında İsrail xüsusi xidmət orqanları durur. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ekspertlər İsrailin iranlı alimləri ortadan götürmək yolu ilə ölkənin nüvə proqramına mane olmaq istədiyini güman edirlər.
Türkiyə mətbuatı İsrailin “Haaretz” qəzetinin internet saytına istinadən yazır ki, Qərb ölkələrindən birinin xüsusi xidmət orqanlarının nümayəndəsi Böyük Britaniyanın “The Daily Telegraph” qəzetinə açıqlamasında İranın İsfahandakı uran zavodunun aparıcı mütəxəssislərindən olan Ardeşir Həsənpurun ölümünün arxasında “Mossad”ın durduğunu iddia edib. Qeyd edək ki, Həsənpurun 2007-ci ildə qazdan zəhərlənərək öldüyü bildirilirdi.
Mütəxəssislər iddia edirlər ki, İran alimlərinin ölümünün arxasında Tehranın nüvə proqramına bu yolla mane olmağa çalışan İsrail durur. “The Daily Telegraph”ın yazdığına görə, Amerika xüsusi xidmət orqanlarındakı mənbə də İsrailin İranın nüvə proqramına mane olmaq üçün hərbi müdaxilə əvəzinə sabotaj, ikitərəfli agentlər və vasitəçi şirkətlərdən istifadə etdiyini təsdiq edib.
|