ABŞ prezidenti Türkiyə ilə əlaqələrə böyük önəm verdiyini vurğulayıb.
ABŞ prezidenti Barak Obama fevralın 16-da Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğana telefonla zəng edib. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ərdoğanla ilk dəfə əlaqə quran ABŞ prezidenti Türkiyənin Yaxın Şərqdəki sülh danışıqlarında liderliyini bəyəndiyini bildirib.
Ekspertlər Obamanın Türkiyə-İsrail münasibətlərinin pisləşməsi, eləcə də prezident Abdulla Gülün Rusiya səfərindən dərhal sonra zəng etməsinə diqqət yetirirlər. Türkiyə prezidentinin mətbuat xidmətindən bildiriblər ki, Obama Türkiyə-ABŞ münasibətlərinə verdiyi önəm barədə danışaraq bundan sonra da beynəlxalq və regionlar problemlərin həll edilməsində birgə çalışmaq istədiyini vurğulayıb. Qeyd edək ki, Obama və Gül arasında telefon danışığı 30 dəqiqə davam edib və tərcüməçinin köməyindən istifadə edilməyib.
Daha sonra Ərdoğana zəng edən Obama Ermənistan və İsrail-Fələstin məsələlərinə toxunub. ABŞ prezidenti baş nazirə bildirib ki, Vaşinqton Yaxın Şərqdəki sülh prosesi, PKK terroruna son qoyulması, Ermənistanla əlaqələrin qurulması məsələsində Türkiyə ilə bir yerdə işləmək istəyir.
|