Bu gün Lənkəran Qarnizonu Hərbi Məhkəməsində Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissəsində qulluq edən əsgərlərə qarşı qanunazidd hərəkətlərə yol verən çavuşlar - Vüqar Ağayevin və Eldəniz Rəhimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, hakim Şirvan Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərər çəkmiş 19 əsgər dindirilib. Əsgərlər təqsirləndirilən şəxslər tərəfindən həqiqətən də fiziki təzyiqə məruz qaldıqlarını bildiriblər.
Prosesdə? həmçinin təqsirləndirilən şəxslər V. Ağayev və E. Rəhimov da ifadə veriblər. Onlar əsgərlərə qarşı zor işlətmək fikrində olmadıqlarını, sadəcə, zarafat etdiklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, V. Ağayev və E. Rəhimov Cinayət Məcəlləsinin 331.3 maddəsi (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döymə və ya ona işgəncə vermə) ilə ittiham olunurlar.
Proses davam etdiriləcək.
|