Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz təyyarənin, Pakistanın şimal-qərbinə raket zərbəsi endirməsi nəticəsində 30 nəfər həlak olub. Hadisə Kurram regionundakı yaşayış məntəqələrindən birində baş verib və bu, ABŞ-ın pilotsuz təyyarəsinin ölkənin bu bölgəsində qeydə alınan ilk reydidir.
ABŞ hərbi komandanlığı hava zərbəsi ilə bağlı heç bir açıqlama verməyib. Amerika tərəfi Pakistan ərazisində həyata keçirilən bu cür reydləri nadir hallarda təsdiqləyir. İndiyə qədər pilotsuz təyyarələr adətən, qəbilələrin məskunlaşdığı və Talibanla "Əl-Qaidə"nin güclü dayağa malik olduğu Cənubi və Şimali Vəziristan əyalətlərinə zərbələr endirib.
Yerli mətbuat orqanlarının məlumatına əsasən, son reyd zamanı amerikalılar yerli Taliban komandirinin olduğu binanı hədəfə alıblar və raket zərbəsi endirilən zamanı həmin binada silahlıların görüşü keçirildiyi güman edilir. Sakinlər isə ərazidə taliblərin olmadığını bildirirlər. Onların sözlərinə görə, hədəfə alınan bina istifadəsiz məktəb binası olub.
Qeyd edək ki, Barak Obama adminstrasiyası Əfqanıstan-Pakistan sərhədindəki Taliban sığınacaqlarına qarşı hava hücumlarının davam etdiriləcəyini bəyan etmişdi. ABŞ rəsmiləri bu reydlər zamanı indiyə qədər bir sıra yüksək səviyyəli "Əl-Qaidə" liderinin məhv edildiyini bildiriblər. Pakistan hökuməti isə adətən Amerika aviasiyasının reydlərinə etiraz edir və bunun ölkədə ekstremizə qarşı aparılan mübarizəyə mənfi təsir göstərdiyini iddia edir. İslamabad, talibanyönlü qruplaşmaların fəaliyyətinin daha da genişlənməsinin qarşısını almaq məqsədilə, ölkənin şimal-qərbində taliblər əleyhinə hərbi əməliyyatları dayandırıb və Svat vadisində şəriət qanunlarının tətbiq edilməsinə icazə verilməsi ilə bağlı tərəflər arasında danışıqlar başlayıb.
Qeyd edək ki, bölgədə qızların məktəbə getməsinə qarşı çıxan radikal qruplar son aylar ərzində onlarla məktəbi yandırıblar. Vaşinqton isə öz növbəsində bu cür atəşkəs razılaşmalarının Talibana yenidən silahlanmaq və qüvvələrini bərpa etmək imkanı verdiyini düşünür./ANS TV/