Ukrayna Müdafiə Nazirliyi fevralın 19-da rəsmi bəyanatla çıxış edərək 2009-cu il üçün qəbul edilən büdcənin Silahlı Qüvvələrin dağılmasına gətirib çıxaracağını bildirib. Lent.az-ın “Ukrainskі Novini” agentliyinə istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyi 2009-cu ildə ordu üçün ayrılan vəsaiti “yemək büdcəsi” adlandırıb.
Sənəddə qeyd edilir ki, nəticədə döyüş hazırlığı olan hərbi hissələrin sayı iki dəfə azala, yüksək dəqiqlikli texnika və silahların vəziyyəti kəskin pisləşə, silahların təkmilləşdirilməsi dayandırıla, hərbçilərin professional deqradasiyası baş verə, ordudan kütləvi yayınmalar başlaya bilər. Müdafiə Nazirliyi xatırladır ki, 2009-cu ildə 32,4 milyard qriven (inkişaf büdcəsi), heç olmasa hazırkı vəziyyəti qoruyub saxlamaq üçün 17,5 milyard qriven ayrılmasını xahiş edib. Amma Ali Rada 11,65 milyard qriven ayırıb.
Hesabatda qeyd edilir ki, ayrılan vəsait ən yaxşı halda ordunun yedizdirilməsinə xərclənəcək. Onun inkişafı və sosial müdafiəsi üçün isə vəsait çatmayacaq.