Şimali Osetiyada Afrika taunu xəstəliyi yayılıb. «Newsru.com»un məlumatına görə, xəstəliyin insanlara keçmə ehtimalı var.
Bu xəstəlikdən qısa müddət ərzində min beş yüz donuzun məhv olduğu bildirilir. Mütəxəssislərin sözlərinə görə, Şimali Osetiyada və Rusiyanın bir sıra regionlarında yayılan Afrika taunu xəstəliyi mutasiya nəticəsində insanlara keçə bilər. Həkimlər bu xəstəliyin quş qripindən də qorxulu olduğu qənaətindədirlər. Ekspertlər bildirirlər ki, xəstəlik tezliklə Rusiyanın digər regionlarına da yayıla bilər.
Kənd Təsərrüffatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə ANS PRESS-ə bildirib ki, Afrika taunu və digər bu kimi yoluxucu xəstəliklərin Azərbaycan ərazisinə keçmə ehtimalı barədə dəqiq fikir bildirə bilməz: "İnfeksion xəstəliklər barədə qarantiya verə bilmərik. Amma ötən il Ermənistanda, Gürcüstanda bu cür hadisələr baş versə də, Azərbaycan ərazisinə xəstəlik keçmədi. Bu ilin yanvarında Qəbələnin Nic kəndində isə xəstəliyin qarşısı dərhal alındı, xəstəliyə yoluxmuş ev donuzları zərərsizləşdirilərək məhv edildi. Ötən ildən bəri sərhəddə ciddi iş rejimi tətbiq olunub. Sərhəd-keçid məntəqələri ciddi iş rejimində fəaliyyət göstərir. Baytarlıq Xidmətinin bu istiqamətdə fəaliyyəti davam edir".
Həm Afrika taunu, həm quş qripi ilə bağlı ölkə ərazisində ötən il və bu ildə monitorinqlərin aparıldığını deyən Y.Xanvəli bildirib ki, monitorinqlər davam etdiriləcək. Lakin hələ bu barədə dəqiq qərar verilməyib. O, təsərrüfat sahiblərinə Baytarlıq Xidməti tərəfindən donuzların qapalı şəraitdə saxlanılması ilə bağlı ötən ildən tövsiyə verildiyini də vurğulayıb.
Qeyd edək ki, Afrika taununa bütün yaşda, xüsusilə Avropadan olan donuzlar həssasdırlar. Donuzlara xəstəlik bir-birindən və natəmiz, xəstəlik mənbəyi olan ərazilərdən keçə bilər. Donuzların yemləndiyi məişət tullantıları da qorxuludur. Xəstəliyin əsas əlaməti - donuzların burunlarından və yaxud kəsilmiş kiçik yaralarından çoxlu miqdarda qanın axmasıdır. Xəstəlik yüz faiz ölümlə nəticələnir. Y.Xanvəlinin sözlərinə görə, xəstəliyə insanlar arasında təsadüf olunmayıb: "Bu, donuz xəstəliyidir və insanlara keçmə ehtimalı yoxdur".
O, həmçinin bildirib ki, Baytarlıq Xidməti hələ 21 gün əvvəl Rusiyadan Azərbaycana donuz ətinin gətirilməsinə qadağa qoyub. Qeyd edək ki, həmin ətdən əsasən kolbasa sexlərində istifadə edilir.
/ANS PRESS/
|