Namazgah kəndinin sakinləri ilə sövdələşmə baş tutmadığından, onlar uşaq almaq məqsədilə Lahıca gediblər
İsmayıllının dağ kəndlərində kənardan gələn və özlərini türk kimi təqdim bir qrup şəxs əhaliyə körpə uşaqlarını onlara satmağı təklif edir. Bu barədə ANS PRESS-ə İsmayıllının Namazgah kəndinin sakinləri məlumat veriblər. Məlumata görə, həmin şəxslər 1-3 yaşları arasında olan körpələri almaq istəyində olub və uşağın müqabilində sakinlərə inək, qoyun və sair mal-qara təklif ediblər.
ANS PRESSə daxil olan məlumata əsasən, Namazgah kəndinin sakinləri ilə sövdələşmənin baş tutmadığını görən həmin şəxslər uşaq almaq məqsədilə Lahıc kəndinə gediblər.
Bu məlumatı aldıqdan dərhal sonra İsmayıllının hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq. İsmayıllı Rayon Polis Şöbəsindən ANS PRESS-ə bildirdilər ki, onlar hadisədən xəbərsizdirlər. Polis Şöbəsinin növbətçi bölməsindən verilən məlumata görə, məsələ ilə əlaqədar adları çəkilən kəndlərə əməliyyat qrupu yollanıb.
|