«Mənəvi Saflığa Dəvət» İctimai Birliyi Ramazan ayı ilə əlaqədar bu ilin sentyabr ayını “Mənəvi saflıq ayı” elan edib.
Qarşıdan Ramazan ayı gəlir. Bu münasibətlə «Mənəvi Saflığa Dəvət» İctimai Birliyi «Ramazan - mənəvi saflıq ayı» mövzusunda elmi konfrans keçirib. Tədbiri giriş sözü ilə açan Birliyin sədri, ANS-PRESS Nəşriyyat Evinin “Karvan” jurnalının dini eksperti Elşən Mustafayev tədbir iştirakçılarını salamlayıb və mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edib. O, “Ramazan və mənəvi yüksəliş” mövzusunda məruzə ilə çıxış edib və bu ayın mahiyyətini mənəvi aspektdən açıqlayıb: “Adi vaxtlarda günah olmayan, xoşladığın şeylərdən, halal yemək və içməkdən Ramazan ayında gün ərzində könüllü olaraq imtina edirsən. Bu isə insanda digər zamanlarda günahlardan, haram işlərdən, nəfsi istəklərə uymaqdan rahatlıqla çəkinmək qabiliyyəti yaradır. Bu, əsl mənəvi tərbiyə məktəbidir!” Sonra məruzəçi qismində tanınmış mütəxəssislərin çıxışları olub. Tədbirdə “Karvan” jurnalının əməkdaşı Vüsalə Abasova da nitq söyləyərək müsəlmanları bu mübarək ayın gəlişi münasibətilə təbrik edib. O, qeyd edib ki, “Karvan” jurnalı Ramazan ayı münasibətilə xalqımıza öz ərməğanını təqdim edir, belə ki, jurnalın yeni sayı əsasən elə bu mübarək aya həsr edilib. Burada orucluğun mahiyyəti, qaydalarıyla yanaşı, Ramazan ayının gündəlik duaları və oruc vaxtları da öz əksini tapıb. Tədbirin sonunda Elşən Mustafayev bildirib ki, «Mənəvi Saflığa Dəvət» İctimai Birliyi Ramazan ayı ilə əlaqədar bu ilin sentyabr ayını “Mənəvi saflıq ayı” elan edib və Azərbaycan xalqını, cəmiyyətimizin bütün təbəqələrini, ayrı-ayrılıqda, hər bir vətəndaşımızı bu xoş mərama qoşulmağa dəvət edir./ANS RESS/
|