“Dedovşina” faktı ilə bağlı həbs olunan çavuşların məhkəməsi başlayır.
Təqsirləndirilən çavuşlar - Vüqar Ağayev və Eldəniz Rəhimovin əməlindən 19 zərərçəkmiş var.
Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissəsində baş vermiş “Dedovşina” faktı ilə bağlı həbs olunan çavuşların məhkəməsi başlayır.
Təqsirləndirilən şəxslərin barəsindəki cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Hərbi Məhkəməsinə göndərilib. Bu barədə ANS PRESS-ə Lənkəran Hərbi Məhkəməsinin sədri Şirvan Məmmədov məlumat verib.
Məhkəmə sədri bildirib ki, cinayət işinə özünün icraatında baxılacaq. Məhkəmənin hazırlıq iclası fevralın 18-ə təyin olunub. İş üzrə iki nəfər- Vüqar Ağayev və Eldəniz Rəhimov təqsirləndirilir. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 331.3-cü (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi) maddəsi ilə ittiham olunurlar. Cinayət işi üzrə 19 nəfər zərərçəkmiş var.
Xatırladaq ki, internet saytlarında və mobil telefonlarda yayılan videorolikdə iki nəfər nisbətən cüssəli şəxs təxminən 20-25 əsgəri kazarmada sıraya düzüb şillələyir, təpikləyir, vurub yıxır və bununla da qürrələnir. Əsgərləri döyən şəxslər üst geyimlərini çıxardığı üçün onların rütbələrini müəyyən etmək mümkün deyil. Bundan sonra aparılan araşdırmalardan həmin hadisənin Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissəsində baş verdiyini ortaya çıxarıb və hər iki çavuş həbs olunub. //Anspress.com
|