Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetirilib. Yasamal rayon Prokurorluğundan ANSPRESS-ə verilən məlumata görə, general- leytenant R. Rzayev bu gün səhər saat 10.00 radələrində Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evindən 150 metr aralıqda naməlum şəxslər tərəfindən güllələnib. Hadisə yerində Respublika Hərbi Prokurorluğunun əməkdaşları istintaq hərəkətləri aparır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ağır yaralanmış general hospitala çatdırılsa da, orada dünyasını dəyişib.
Xəbəri təsdiqləyən Müdafiə Nazirliyi Baş qərargah rəisi general-leytenant Nəcməddin Sadıqov ANS-ə bildirib ki, mərhumun cəsədi meyidxanadadır və faktla bağlı ekspertlər işləyir. Müdafiə Nazirliyi aparatından isə bildirilib ki, R. Rzayev başından aldığı güllə yarasından dünyasını dəyişib və hələlik hər hansı məlumat vermək tezdir. Rəsmi açıqlamanı Müdafiə Nazirliyinin mətbuat xidməti hazırlayır.
R. Rzayevin öldürülməsi Müdafiə Nazirliyinin tarixində ən səs-küylü qətldir. Bu vaxta qədər Azərbaycanda hərbi generalların öldürülməsi faktı qeydə alınmamışdı.
Qeyd edək ki, Rail Rzayev 1945-ci ildə Salyan rayonunda anadan olub və 1992-ci ildə Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə qoşunlarının komandanı vəzifəsinə təyin olunub. 2004-cü ildə general leytenant hərbi rütbəsinə layiq görülüb./ANSTV/