Qahirədə İslam məsələləri üzrə Ali Şuranın "İslam ideyasının modernləşdirilməsi" mövzusunda XXI beynəlxalq İslam konfransı öz işinə başlayıb. Dörd gün davam edəcək konfransda İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, İSESKO-nun baş katibi Əbdüləziz bin Osman Əl-Tüveycri və Misir prezidenti Hüsnü Mübarəyin adından baş nazir Əhməd Nazif çıxış edib.
Konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Hacı Allahşükür Paşazadə çıxışında bir çox müsəlman xalqlarının zamanla ayaqlaşmaq üçün müasirləşməyə ehtiyacı olduğunu qeyd edərək, İslam fikrinin, müsəlman düşüncə tərzinin modernləşdirilməsindən bəhs edib. Şeyxülislam həmçinin öz çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin tarixi və səbəbləri barədə konfrans iştirakçılarına geniş məlumat verib:
“Əsas məsələlər şəriət məsələlərinə yenilik gətirməkdir. Ümümən İslam aləmi arasında əlaqələr barədə söhbətlər gedirdi. Mənim də İslamda qloballaşma haqqında çıxışım var idi. Bu çıxışda mən həm Azərbacan dövlətində olan tolerantlıq, dinlərarası dialoq, vicdan azadlığı haqqında məlumat verdim. Bizim ən yaralı yermiz olan Qarabağ məsələsi, Ermənistanın Azərbaycana olan təcavüzünün davam etməsi haqqında da konfrans iştirakçılarına məlumat verdim”./ANS TV/