Главная » 2009»Mart»10 » ABŞ Əfqanıstana yüklərin daşınması üçün Azərbaycan ərazisindən istifadə edə bilər.
22:09
ABŞ Əfqanıstana yüklərin daşınması üçün Azərbaycan ərazisindən istifadə edə bilər.
Bunu ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib
Bakıda Əfqanıstanda hərbi əməliyyatlara dəstək məqsədilə nəqliyyat dəhlizlərinin koordinasiyasına həsr olunmuş konfrans başa çatıb.
APA-nın məlumatına görə, konfransda ABŞ, Türkiyə, Gürcüstan və Azərbaycanın nümayəndələri iştirak ediblər. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson APA-ya açıqlamasında bildirib ki, konfransda Əfqanıstana yüklərin daşınması prosesinin asanlaşdırılması məsələsi müzakirə olunub: “Əfqanıstan ABŞ və NATO üçün prioritet bölgə sayılır. Biz Azərbaycanı Əfqanıstanda sülh və inkişafın bərqərar olmasında etibarlı tərəfdaş kimi görürük. Azərbaycan uzun illər Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayıb, Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınmasında müstəsna rola malikdir. Buna görə də belə bir konfransın Azərbaycanda keçirilməsi təbiidir”.
Terri Devidson qeyd eləyib ki, ABŞ Əfqanıstana yüklərin daşınması üçün müxtəlif variantları nəzərdən keçirir və bu marşrutlardan biri kimi Azərbaycanın tranzit imkanları nəzərdə tutla bilər. “Bu baş versə, Azərbaycan, Türkiyə və Gürcüstandan olan iş adamlarının qarşısında yeni imkanlar açılacaq. Əfqanıstana daşınacaq yüklər dedikdə hərbi xarakterli yüklər deyil, su, ərzaq və tikinti materialları nəzərdə tutulur”.