Bakı Təhsil İdarəsi isə hadisənin şagirdin dərsdən qaçmaq istəyərkən baş verdiyini iddia edir
Bakının Sabunçu rayonu ərazisində Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin 9 "c" sinif şagirdi Mirsahib Əzimzadə sinif rəhbərinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı ona pul verməməsi ilə bağlı tənbehlərinə dözməyərək özünü məktəbin 2-ci mərtəbəsindən aşağı atıb. Bu barədə ANS PRESS-ə şagirdin anası Ulviyyə Əzimova məlumat verib.
Valideyn bildirib ki, hadisə martın 7-də baş verib: “Sinif rəhbəri Gülnarə Hüseynova 8 Martla bağlı şagirdlərin hər birindən 15 manat pul yığıb. İmkanımız olmadığına görə isə mən övladıma 10 manat vedim. Müəlliməsi Gülnarə isə sinifdə 5 manat az verdiyinə görə oğlumu danlayıb. Müəllimənin uşaqların yanında tənbeh etməsindən utanan Mirsahib evdən pul gətirmək üçün məktəbdən çıxmaq istəyib. Məktəbin qapıçısı isə dərs bitmədiyindən onu küçəyə çıxmağa qoymayıb. Çıxılmaz vəziyyətdə qalan Mirsahib isə özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Nəticədə başı üstə yerə düşüb, qolu sınıb və kəllə-beyin travması alıb. 3 saylı xəstəxanada qoluna gips taxılarkən özündən gedib. Müəyyən müddət reanimasiyada saxlandıqdan sonra, Nevrocərrahiyyə İnstitutuna göndərilib. Sonradan isə müalicəsinin evdə aparılmasına icazə verilib”. Ü. Əzimova bu vaxta kimi sinif və ya məktəb rəhbərliyindən heç kimin onun vəziyyəti ilə maraqlanmadığını da dedi. Məktəbin direktoru Qurbantac Qazıbəyova isə əvvəl ANS PRESS-ə M. Əzimzadənin dəcəl olduğunu və onun dərsdən qaçmaq məqsədilə 2-ci mərtəbədən tullandığını desə də, sonradan baş verən hadisəni təsdiqləyərək hadisənin ürəkaçan hal olmadığını bildirdi : “Hadisənin pula və yaxud başqa şeyə görə olduğunu bilmirəm, ancaq bu hadisə heç də urəkaçan hal deyil. Məktəbdə belə hadisə olmamalıdır”. Məktəb direktoru müavinlərinin və məktəb psixoloqunun M. Əzimzadənin yanına göndərildiyini və ona lazımi köməkliyin göstəriləcəyini bildirdi. Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı isə ANS PRESS-ə bildirdi ki, hadisə martın 7-də M. Əzimzadə dərsdən qaçmaq istəyərkən baş verib. Onun sözlərinə görə, məktəbin qapıçısı onu dərsdən yayınmağa icazə vermədikdə, M. Əzimzadə 2-ci mərtəbədən tullanıb. Nəticədə qolu qırılıb, beyni silkələnib. Z. Əliqızı hazırda Bakı Təhsil İdarəsinin nümayəndəsi Məhəmməd Bayramovun hadisə ilə bağlı məktəbə göndərildiyini və araşdırma apardığını deyib: “Təəssüfləndirici haldır. Günahkarın kim olmasından asılı olaraq lazımi tədbir görüləcək, günahkar şəxs cəzalandırılacaq”.
Anar Məmmədov /ANS PRESS
|